Foucault`nun dilemması | Byung-Chul Han

by Daşdəmir Mahmandarov
135 baxış
A+A-
Reset

Tərcümə: Daşdəmir Mahmandarov

Həbsxananın Doğumundan sonra Foucault disiplin/intizam toplumunun içində olduğu dövrü tam mənası ilə ifadə edə bilmədiyinin fərqinə varmışdı deyəsən. Buna görə də yetişinci illərin sonlarında neoliberal idarəetmə formalarının analizinə yönəlmişdi. Ancaq istər əhali, istərsə də biopolitika məfhumlarına bağlı qalmasaydı: “Liberalizm deyilən bu idarəetmə sisteminin nə olduğu başa düşüldüyündə, biopolitikanın nə olduğu idrak ediləcəkmiş kimi gəlirdi mənə.”[1] Dərsin qalan hissəsində Foucault biopolitikaya yenidən qayıtmır. Əhalidən də danışmaz. Görünür, bu mərhələdə Foucault, disiplin/intizam toplumuna xas kategorilər olan biopolitika və əhalinin neoliberal rejimi tərif etməyə uyğun olmadığının dəqiq ayırdına varmamışdı. Buna görə də əslində lazımi keçidi edərək psixopolitika məfhumunu istifadə etmir.[2]

Yəni 1978-79-cu illərdəki dərslərində neoliberal biopolitika analizi edilmir. Hətta Foucault bununla bağlı olaraq, əsas problemin nə olduğunu görmədən, özünü tənqid edən bir mövqedən çıxış edir: “Hər şeyə baxmayaraq əmin olun ki başlanğıcda biopolitika haqqında danışmağa niyyətli idim. Ancaq işlərin gedişatından dolayı nəticədə uzun, bəlkə də olduqca uzun bir müddət neoliberalmizm haqqında danışdım…”[3]

Homo Sacer (Müqəddəs İnsan) əsərinin öz sözündə Agamben, “ölümü, Foucault`nun biopolitika məfhumunun bütün ünsürlərini ortaya qoymasını və araşdırmalarını hansı istiqamətə doğru dərinləşdirəcəyini göstərməyini əngəllədi”[4] şəklində bir ehtimal irəli sürür. Halbuki tez ölümünün Foucault`nun əlindən aldığı bir imkan varsa əgər, bu biopolitika fikri üzərində yenidən düşünüb yerinə neoliberal psixopolitikanı qoymaq olmuşdur. Agamben`in özünün təhəkküm analizi də neoliberal rejimin iqtidar texnikalarını başa düşmək üçün əlverişli deyil. Dövrümüzdə homines sacri kənarlaşdırılanlar deyil, sistemin içinə inteqrasiya edimişlər`dir.

Foucault biopolitikanı bariz bir şəkildə kapitalizmin, istehsalçı bədən`i ictimailəşdirən, intizamlaşdırıcı formasına bağlayır: “Kapitalist toplumda önəmli olan biopolitikadır, biolojik, somatik, bədənsəl olandır.”[5] Beləliklə biopolitika əsas olaraq biolojik olanla, bədənsəl olanla əlaqələndirilir. Nəticədə ən geniş mənada bir bədən politikasıdır.

Kapitalizmin sonrakı formalarından, mutasiyaya məruz qalmış formalarından biri olması mənasında neoliberalizm isə öncəlik olaraq “biolojik, somatik, bədənsəl olan”la maraqlanmaz. İstehsalçı güc olara Psyche`nin ayırdına varır. Psyche`yə, beləliklə psixopolitikaya qayıdış, günümüz kapitalizminin qeyri-maddi, qeyri-bədəni olmasıyla müəyyənləşdirilən istehsal formasına da bağlıdır. Şeylər deyil, informasiya və proqramlar kimi nəsnə olmayan varlıqlar istehsal edilir. İstehsaledici güc olaraq bədən biopolitika intizam toplumundakı kimi mərkəzi yer tutmur. Məhsuldarlığı artırmaq üçün bədənsəl dirənişlər aşılmaz, psixi ya da zehni proseslər optimallaşdırılar. Bədənsəl intizamlaşdırma zehni optimallaşdırma ilə əvəzlənir. Neuro-enhancement da psixiyatrik disiplin texnikalarından təməldə fərqlidir.

Günümüzdə bədən istehsal prosesində birbaşa iştirakdan uzaqlaşdırılmış, estetik ya da sağlamlıq məqsədilə optimallaşdırmanın obyektinə çevrilmişdir. Beləliklə ortopedik müdaxilə yerini estetik müdaxiləyə vermişdir. Foucault`nun “öyrənməyə meyilli bədən”inin günümüzün istehsal prosesində yeri yoxdur. intizamlaşdırıcı ortopedinin yerini estetik cərrahiyyə və idman salonları tutur. Ancaq bədənsəl optimallaşdırma mütləq estetik bir təcrübədən daha çoxudur. Dinclik və seksilik, artırılacaq, bazarlanacaq və istismar ediləcək yeni iqtisadi qaynaqlara çevrilmişdir.

Bernard Steigler haqlı olaraq Foucault`nun bioiqtidar məfhumunun dövrümüzə uyğun olmadığını dilə gətirir: “Foucault`nun tarixi və coğrafi olaraq, yəni əsasən Avropa ilə əlaqəli olduqca inandırıcı bir şəkildə təsvir etdiyi bio-iqtidarın, bizim yaşadığımız dövrü müəyyən edən iqtidarla eyni olmadığını müşahidə edirəm.”[6] Steigler`ə görə bioiqtidarın yerini “psixo-iqtidarın psixolojik texnikaları” tutur. Ancaq Steigler`in nəzərdə tutduğu, televiziya kimi bizləri dürtülərinin idarəetməsi altındakı istehsalçılar səviyyəsinə düşürən və kütlənin geriləməsinə səbəb olan “telekratik” “proqram sənayesi”dir. Bu psixo-texnikanın qarşısına oxuma-yazma texnikasını qoyur. Steigler`ə görə yazı mühiti Aydınlanma mənasına gəlir. Bu yerdə Kant`a müraciət edir: “Nəticə etibarilə məhz Kant oxuma-yazma dispozitivini yetişkinliyin əsası olaraq görürdü.”[7]

Steigler`in televiziyaya həddindən artıq əhəmiyyət kəsb etməsi problemli bir məqamdır. Televiziyanı mütləq psixotexniki vasitə/aparat səviyyəsinə qaldırır: “İndilərdə radio, internet, cib telefonları, iPod, kompyuter, video oyunlar və PDA (personal digital assistant) nəzərimizi cəlb etmə xüsusunda rəqabətdə olsalar da informasiya axınına əvvəllər olduğu kimi televiziya hakimlik edir.”[8] Ancaq oxuma-yazmanın önündə televiziya, kültürəl tənqidin digital inqilaba haqqını ödəməyən köhnəlmiş bir mexanizmidir. Qəribədir ki Steigler ənənəvi kütləvi informasiya vasitələrindən təməldə fərqli olan həqiqi mənada digital mühitlərlə, internet və sosial media ilə və bunların əlaqə yapıları ilə çox da maraqlanmır. Digital şəbəkənin panoptik yapısı da nəzərini çox cəlb etmir. Beləliklə də digital texnikanı sıx istifadə edən neoliberal psixopolitikanı tamamilə gözdən itirir.

Səksəninci illərin əvvəllərində Foucault “özlük texnologiyaları” ilə maraqlanmağa başladı. Bu terminlə “insanların, sadəcə davranışlarının qaydalarını müəyyənləşdirməklə kifayətlənməyib məhz özlərini dönüşdürməyə, öz orijinal mövcudiyyətlərində dəyişikliklər etməyə və həyatlarını müəyyən estetik dəyərlər daşıyan və müəyyən stil meyarlarına uyğun gələn bir əsərə çevirməyə cəhd edərkən istifadə etdikləri”[9] “şüurlu və arzulanan praktikalar”ı nəzərdə tutur. İqtidar və təhəkküm texnikalarından əsasən azadə, tarixi müstəvili bir özlük etikası yaradır. Bu da ümumiyyətlə Foucault`nun iqtidar və təhəkküm texnikasına müxalif bir özlük etikası ilə maraqlanmağa başladığı kimi yorumlanmışdır. Foucault`nun özü də açıq bir şəkildə özlük texnologiyalarına keçidi ifadə etmişdir: “Bəlkə də iqtidar və təhəkküm texnologiyalarının əhəmiyyətini çox vurğuladım. Marağım, sürətlə şəxsin özü ilə başqası arasındakı münasibətə və fərdi hakimiyyət texnologiyalarına, fərdin özünə təsir etmə formalarının tarixinə, özlüyün texnologiyasına doğru dəyişir.”[10]

Neoliberal rejimin iqtidar texnikası Foucault`nun iqtidar analizinin kor nöqtəsidir. Foucault neoliberal təhəkküm rejiminin özlük texnologiyasını tamamilə ələ keçirdiyini, özünü davamlı optimallaşdırmaa şəkildəki neoliberal özlük texnikasının təhəkküm və istismarın məhsuldar bir şəkildə başqa bir şey olmadığını görməz, görə bilməz.[11] Neoliberal performansın subyekti “özünün sahibkarı”[12] olaraq özünü könüllü və ehtiraslı bir şəkildə istismar edər. Bir sənət əsəri olaraq özlük, neoliberal rejimin tamamilə istismar edə bilmək məqsədilə bəslədiyi gözəl və aldadıcı bir görünüşdür.

Neoliberal rejimin iqtidar texnikası incə bir formaya çevrilmişdir. Birbaşa fərdi ələ keçirməz. Daha çox fərdin özlüyündən, təhəkküm bağlamını öz içinə proyeksiya edəcək və bunu azadlıq olaraq yorumlayacaq şəkildə özünə təsir etməyini təmid edir. Özünü optimallaşdırma və təkəhhüm altına girmə, azadlıq və istismar bu məqamda eyni şeyə çevrilir. Azadlıq və istismarı özünü istismar etmə şəklində bir yerə gətirən bu iqtidar texnikası Foucault`nun diqqətindən qaçmışdır.

[1] Michel Foucault, Die Geburt der Biopolitik. Geschichte der Gouvernementalitat. Vorlesung am College de France 1978-1979, Frankfurt a.M., 2006, S. 43.

[2] Alexandra Rau Psychopolitik adlı əsərində neoliberal rejimin psixopolitikasını problemi bir şəkildə biopolitik idarəetmə forması olaraq tərif edir: “Bu şəkildə iqtidar nəzəriyyəsi baxımından psixotexnika intizam cəmiyyətinə aid edilə bilirsə, mən də bunun müqabilində ‘psixopolitikanı biopolitik bir idarəetmə forması olaraq ələ almaq istəyirəm” (A. Rau, Psychopolitik. Macht, Subjekt und Arbeit in der neoliberalen Gesselschaft, Frankfurt a.M., 2010, S. 298). Thomas Lemke`nin neoliberal rejimi biopolitika baxımından yorumlama cəhdi də problemlidir. Bax. Gouvermenentalitat der Gegenwart. Studien zur Ökonomisierrung des Sozialen, Frankfurt a.M., 2000.

[3] Foucault, Die Geburt der Biopolitik, s. 260.

[4] Giorgio Agamben, Homo sacer. Die souveraene Macht und das nachte Leben, Frankfurt a.M., 2002, s. 14.

[5] Michel Foucault, Die Geburt der Sozialmedizin Schriften in vier Banden, Cild 3, Frankfurt a.M., 2003, s. 272-97, burada, s. 275.

[6] Bernard Steigler, Von der Biopolitik zur Psychomacht, Frankfurt a.M., 2009, s. 49.

[7] Steigler, a.k.ə, s. 141.

[8] Steigler, a.k.ə, s. 135.

[9] Michel Foucault, der Gebrauch der Lüste. Sexualitat und Wahrheit II. Cild 2, Frankfurt a.M., 1984, s. 18.

[10] Michel Foucault, “Technologien des Selbs”, Technologien des Selbst içində, hazırlayan: L.H.Martin, Frankfurt a.M., 1993, s. 24-62, burada s. 27.

[11] Ancaq Foucault özlük texnologiyası ilə iqtidar texnologiyası arasındakı əlaqəni sezmişdi: “Qərb kültüründə subyektin şəcərəsini araşdırmaq istəyən biri sadəcə təhəkküm texnikalarını deyil, özlük texnikalarını da nəzərə almaq məcburiyyətindədir. Deyə bilərik ki, bui ki texnika növü – təhəkküm texnikaları və özlük texnikaları – arasındakı təsirliliyi diqqətə almağa məcburdur. Fərdlərin bir-birləri üzərindəki təhəkkümünün texnologiyalarının fərdin öz üzərində təsir etdiyi proseslərə müraciət etdiyi məqamları nəzərə almalıdır. Üstəlik əksinə, özlük texnologiyalarının təhəkküm ya da basqı yapıları ilə bütünləşdiyi nöqtələri diqqətə almalıdır” (About the Beginning of the Hermeneutics of the Self. Two Lectures at Darthmouth, Political Theory, Cild 21, No. 2, s. 198-227, burada s. 203).

[12] Foucualt, Die Geburt der Biopolitik, s. 314.

Bənzər yazılar

Bir şərh yaz

Focus Mode