On doqquzuncu yüzil əhəmiyyətli bir mərhələnin başlanğıcına işarə edir: Monarxiya dünyadan yox olur. İndi monarxiya, iqtidarın onu miras yolu ilə əldə edən biri tərəfindən tətbiq edilən bir sistem idi. Mütləqiyyətin sonu ilə birlikdə iqtidar, iqtisadi, ictimai, demoqrafik proseslərin bilgisini də ehtiva edən müəyyən bir inzibati bilginin müdaxiləsi ilə tətbiq edilməyə başlanılır. Beləliklə iqtidarla bilgi arasında əlaqə yaranmağa başlayır. Siyasi, iqtisadi və bəşəri elmlər həqiqi bir Renessans`dan keçərlər, çünki idarəçilər bir bilgi olmadan idarə edə bilməyəcəklərini bilirlər. Bilginin keyfiyyəti idarə etməyi xarakterizə edər.
On doqquzuncu yüzil ərzində və iyirimci yüzilin ilk yarısında siyasi bilgi, iqtisadi inkişafla – təşəbbüsünə səbəb olaraq – bir yerdə olmaq məcburiyyətində idi. İllər ötdükcə, iqtisadi inkişafın fərdlərin yaşamı üzərində mənfi təsirlər yaratdığı da müşahidə edildi. Elə ki, indi iqtidarın müdrikliyi bu inkişafın ortaya çıxardığı təsirlərin davamlı olaraq düzəldilməsində yatır.
Dövrümüzdə dünya xəstəxana modelinə görə dəyişməyə doğrudur və idarəetmə bir müalicə işləvi qazanır. İdarəçilərin işləvi, həqiqi bir ictimai ortopediyaya uyğun olaraq, fərdləri inkişaf prosesinə uyğunlaşdırmaqdır. Məsələn Fransa`da, “koporativ bələdiyyə mənzili”ndə baş verənlərə baxın. Orada məskunlaşan insanlar maddi imkanlarına uyğun olmayan bir yaşam səviyyəsi əldə etmək məcburiyyətindədir. Günümüzdə Fransa`da bu insanların ailə büdcəsini sosial yardım işçiləri edir.
Tibbi müalicə bir təzyiq formasıdır. Günümüzdə psixiatr “normallığı” və “dəliliyi” kataqorik olaraq təyin edən şəxsdir. Anti-psixiatriyanın əhəmiyyəti həkimin hökmünün mütləqliyindən, bir fərdin ağıl halına qərar vermə iqtidarından şübhə etməsindədir. Digər bir əhəmiyyətli sual normallaşdırma iqtidarını kimin tətbiq edəcəyini bilməkdir. Psixoloqmu? Həkimmi? Psixoanalistmi? Psixiatrmı? Bir ağıl xəstəsinin “müalicə”sini əmr etmə haqqı kimdə olacaq? Normal olaraq, anormal şəxs deyərkən, yaşadığı mühitdən qopmuş insan başa düşülür. Ümumi olaraq, həkimlər bu fərdi mühitindən götürürlər və onu xəstəxanalarda, sağlamlıq mərkəzlərində, klinikalarda təcrid edirlər. Ancaq onu bu mühitə necə uyğunlaşdıracaqlar? Psixiatrların çatışmazlıqlarından biri budur. Müalicə şəxsin özünün yaşadığı mühitdə edilməlidir, olduğu yerdən uzaqdakı müayinəxanalarda və divanlarda deyil. Bu halda, bu dəfə ikinci bir fərziyyə ilə üzləşirik, çünki fərd ilə ictimai mühit arasındakı münasibətləri ələ alırıq: Xəstə olan ictimai qrup olmasın. Sosio-pati Fransa`da indidən dərindən araşdırılmağa başlandı.
Psixoloq da, bir insanın getməsi lazım olan yoa qərar verərək, bir növ iqtidar tətbiq edir. Bir uşağın nəyi öyrənib nəyi öyrənməməsi gərəkdiyinə qərar verdiyində və ya bir uşağın meylinin, məsələn, mühəndis ya da vəkil olmaq olduğunu dediyində bir şəxsin gələcəyinə təcrübi olaraq qərar verir. Qrup terapiyası da bir təhlükədir, çünki bir qrup insanı psixoloq tərəfindən tətbiq edilən avtoritar bir iqtidarın əllərinə təslim edir.
Dünya, idarəçiləri psixoloqlar və xalqı da xəstələr olan böyük bir dəlixanadır. Gün keçdikcə kriminoloqlar, psixiatrlar və insanın zehni davranışını araşdıran hər kəsin oynadığı rol böyüyür. Bu səbəblə siyasi iqtidar yeni bir işləv əldə etməkdədir, bu işləv də müalicə edicilikdir.
Məni maraqlandıran şey güncəllik, ətrafımızda baş verənlər, bizim nə olduğumuz, dünyada baş verənlər olduğu nisbətdə özümü jurnalist olaraq görürəm. Fəlsəfənin, Nietzsche`yə qədər, varlıq səbəbi əbədiyyət idd. İlk filosof-jurnalist Nietzsche oldu. O, bu günü fəlsəfənin sahəsinə daxil etdi. Ondan əvvəl filosofun bildiyi zaman və əbədiyyət idi. Ancaq Nietzsche də obsesif şəkildə güncəlliklə maraqlanırdı. Gələcəyi yapanın biz olduğumuzu zənn edirəm. Gələcək, ortaya çıxan şeyə təpki vermə tərzimizdir, bir hərəkəti, bir şübhəni həqiqətə çevirmə tərzimizdir. Öz gələcəyimizin əfəndisi olmaq istəyiriksə, əsasən, bu gün sualını ortaya atmaq lazımdır. Bu səbəblə, mənə görə, fəlsəfə radikal bir jurnalistlika növüdür.
Tərcümə: Daşdəmir Mahmandarov