ÇÖKÜŞÜN PARLAQ ÜZÜ: ABBAS MƏMƏDOVUN “HERA”SINA BİR BAXIŞ

by Ziya Oktay
514 baxış
A+A-
Reset

Abbas Məmmədovun Hera adlı tablosuna ilk baxışda, kamilliyin soyuq bir əksi ilə qarşılaşırıq. Hamarlanmış bir səth, donuq amma aydın bir ifadə, zərif xətlərlə təsvir olunmuş bir qadın fiquru… Rəssam bu əsəri “Buz Kraliçası” nağılına istinadla yaradıb; amma burada qarşımıza çıxan sadəcə donmuş bir fiqur deyil, eyni zamanda içəridən çökən bir mənlikdir.

Əvvəlcə fiqurun porselen kimi hamar dərisi diqqəti cəlb edir. Qüsursuz görünən bu səth izləyicidə bir saxtalıq hissi doğurur. “Bu, həqiqətən gerçək ola bilərmi?” sualını düşündürür. Məhz bu nöqtədə tablonun əsas qatına keçid baş verir: çatlar. Səthin altından üzə çıxan parçalanmış daşlar, sümüyə bənzər qırıntılar, boza və qəhvəyiyə çalan qabıqlar… Bu çatlar sadəcə estetik seçim deyil; bu, bir varoluşun bəyanatıdır.

Məmmədovun tablosundakı bu çatlama, müasir insanın daxili aləmini təsvir etmək üçün ustalıqla istifadə olunub. Kənardan baxıldıqda parlaq, bütöv, özünə əmin və demək olar ki, tanrısal bir surət; amma içəridə ovulmağa hazır qırıq daşlar, sönmüş parlaqlıq, daşıması mümkün olmayan xatirə fraqmentləri… Rəssam burada həm fərdi, həm də kollektiv yaddaşa toxunur: xatirələr, yaşanmış ağrılar, xəyal qırıqlıqları, qürurla bəzədiyimiz süqutlar… Bütün bunlar sanki tablonun iç qatından püskürür.

Buradakı çatlama yalnız fiziki deyil, eyni zamanda əxlaqi və varoluşsaldır. Hera Yunan mifologiyasında evliliyin və nizamın tanrıçası kimi tanınır; sədaqət, qaydalar və institutların simvoludur. Amma Məmmədovun Herası içəridən çatlayıb, sarsılıb və parçalanmağa başlamışdır. Bu tablo, qədim dövrlərin tanrısal bütövlük iddiasını günümüzün kövrək fərdi reallığı ilə üz-üzə gətirir. Tanrıça fiquru artıq tanrısal deyil; kobudcasına cilalanmış, amma ən kiçik zərbə ilə dağılmağa hazır.

Tablo bizə postmodern düşüncədə müzakirə olunan “parçalanmış subyekt” anlayışına güclü bir işarə verir. Postmodern düşünürlərə görə, modern subyekt xaricdən bütöv bir obraz kimi görünə bilər, amma daxilində çatlamış, kövrək və ziddiyyətli bir quruluşa malikdir. Jak Lakanın fikrincə, subyekt dilin strukturu daxilində bölünmüş, arzunun arxasınca sürüklənən bir boşluqdur. Mişel Fuko subyekti sabit bir varlıq deyil, diskurslar və hakimiyyət münasibətləri içində daima yenidən qurulan bir konstruksiya kimi görür. Pol Rikör isə subyekti öz hekayəsi vasitəsilə bütövlük qurmağa çalışan, lakin daxili qarşıdurmalarla dolu bir varlıq kimi dəyərləndirir.

Məmmədovun Hera tablosundakı fiqur, bu nəzəri mübahisələrin vizual qarşılığı kimi çıxış edir. Çatlar yalnız fiziki deyil; yaddaşın, arzunun, kimliyin və zamanın çatlarıdır. Və bu çatlar aradan qaldırılmalı olan qüsurlar deyil, əksinə, insanın öz həqiqəti ilə üz-üzə gəldiyi açıq sahələrdir. Subyektin bu kövrək, amma davamlı duruşu, müasir zəfər və təmizlik anlayışına qarşı postmodern bir iddia irəli sürür: Qüsursuz görünməyə çalışarkən içəridən çökən insan fiquru, bəlkə də, onun ən səmimi halıdır.

Bənzər yazılar

Bir şərh yaz

Focus Mode