HAMLET’İN DİGƏR ÜZÜ: RƏNGLİ BİR QURU KƏLLƏ ve ARZU HAQQINDA

by Ziya Oktay
381 baxış
A+A-
Reset

Mirazər Abdullanın Hamlet adlı tablosu, Şekspirin məşhur faciəsinin ən tanınmış simvollarından birinə — Hamletin əlində tutduğu kəlləyə — radikal bir müdaxilə edir. Amma bu müdaxilə yalnız formal deyil: məna mərkəzinə, arzunun özünə toxunur.

Rəsmdə ilk baxışda diqqəti çəkən məqamlardan biri fiqurların parlaqlığı və fırça zərbələrinin canlılığıdır. Bu zərbələr tabloyu klassik mənada “ölü” bir səth olmaqdan çıxarır; rəsm sanki nəbzi döyünən bir orqanizmə çevrilir.

Tablonun toxumasında yer alan sürətli və qısa fırça toxunuşları — eynilə Damien Hirstin Veil Paintings seriyasında olduğu kimi — izləyicidə hərəkət illüziyası yaradır. Lakin Hirstin əsərlərindəki kütləvi seriya istehsalını xatırladan təkrarlardan fərqli olaraq, Abdullanın tuvalına toxunan fırça fərdi, orijinal və son dərəcə canlıdır.

Tablonun mərkəzində iki fiqur yerləşir. Bir tərəfdə kəlləyə bənzəyən, lakin rəngarəng dokusu ilə həyatın içində canlı bir bədəni hayqıran fiqur; digər tərəfdə isə gözləri bağlı, sanki daxili dünyasına çəkilmiş başqa bir üz. Klassik Hamlet təsvirlərində kəllə ölümün, keçmişin və çürümənin simvoludur. Amma burada bu klişe dağıdılır. Rəngli kəllə obrazı bizə deyir: danışan ölüm deyil, arzudur.

Tablonun zirvəsində, iki fiqurun başlarının üzərində yerləşən alma fiquru, səthdə sadə bir simvol kimi görünsə də, daşıdığı məna qatları dərin və çoxşaxəlidir. Mifologiyadan bu günə qədər alma adətən bilik, arzu, qadağa və bəzən də süqutun (düşüşün) simvolu kimi qarşımıza çıxır.

Alma həm bir məsafə, həm də bir bağdır. Həm ayırır, həm də birləşdirir. Əgər Lakan terminologiyası ilə desək, bu alma arzu obyekti deyil; əksinə, arzunu doğuran boşluqdur, çatışmazlıqdır. İki fiqurun başları arasında dayanan alma, onların bir-birlərinə yönəlməsini tetikleyen, lakin heç vaxt həqiqətən çata bilməyəcəkləri bir şeydir.

Bu iki fiqurun üz-üzə gəlişi bir qarşıdurmanı deyil, bir qarşılaşmanı ifadə edir. Amma bu qarşılaşma səthi bir dialoq deyil. Gözləri bağlı olan fiqur sanki arzunun mənbəyinə çatıb — aram və sakit. Lakin bu sadəcə bir illüziyadır. Çünki arzunun təbiəti etibarilə insan heç vaxt həqiqətən doymaz. Arzu bir məqsədə çatmaq üçün deyil; onun özü hərəkətdir, bir natamamlıq halıdır. Jak Lakanın da dediyi kimi, arzu obyektə deyil, arzunun özünə yönəlmişdir. Bu səbəblə, burada izləyiciyə sakit görünən üz, əslində içindəki arzunun susmayan səsini susturmağa çalışır.

Bənzər yazılar

Bir şərh yaz

Focus Mode