Ülker Aliyeva, Yeddi Gözel hakkında
Rəsmi ilk dəfə gördüyümüz anda orada “gözəlləri” deyil, “çirkinləri” görürmüş kimi hiss edirik. Lakin bir qədər diqqətlə baxdıqda, bu fiqurların çirkin olmadığını, sadəcə bizim adi gözəllik anlayışımızın xaricində qalan, bizə yad gələn üzləri olduğunu görürük.
Rəsmdə 7 nəfər təsvir olunub. Onlardan 3-ü tünd dərili, 4-ü isə ağ dərilidir. Onları qadın ya da kişi kimi müəyyənləşdirmək çətindir. Ümumiyyətlə, Ülkər Əliyevanın rəsmlərində keçəl/saçsız motivlər müşahidə olunur (Sevgililər, Seçim kimi əsərlərində olduğu kimi).
Bu saçsız/keçəl fiqurlar daha çox cinsiyyətsiz insanları ifadə edir kimi görünür. Rəssam gündəlik həyatın stereotiplərindən və sosial normalardan kənarda olanı təsvir etməyə çalışır. Bunu, cəmiyyətin cinsiyyətlə bağlı qəbul etdiyi normalara qarşı həssas olan rəssamın sənətinə əksi kimi oxuya bilərik.
Rəsm əsərindəki 7 fiqurun bir-birindən ayırd edilməsi çətin olan xətləri var. Buna görə də, bu fiqurları tək bir insanın fərqli emosional hallardakı təsviri kimi də dəyərləndirmək mümkündür.
Fiqurlar əslində saf halları ilə, yəni çılpaq şəkildə təsvir olunublar. Onların üzərində kəfənə bənzəyən, açıq yaşıl və mavi rəngdən ağ rəngə doğru keçən bir rəng ahənginə sahib geyim, daha doğrusu, örtük var. Bu da, rəssamın fiqurları çəkərkən sosial göstəriciləri mümkün qədər arxa planda saxladığını göstərir.
Fiqurların başındakı bəzəklər hər birində fərqli olsa da, hamısı eyni metaldandır. Onları bir-birindən fərqləndirən iki əsas xüsusiyyət var: biri başlarına taxdıqları bu bəzəklər, digəri isə daxili dünyalarını əks etdirən üz ifadələridir.
Rəsm əsərində melankoliya və qəzəb hiss edilir. Əsərdə sevinc çatışmır. Qızıl bəzəklərlə bəzədilmiş olsalar da, fiqurlar kədərli və qəzəblidirlər.
Fiqurların yan-yana duruşlarında bir hakimiyyət və ya iyerarxiya mövcud deyil. Sərt baxışları və dik duruşları bəzi fiqurların güc və iyerarxiya təsiri yaratsa da, onların digər fiqurlarla olan mövqeyi və qarşılıqlı əlaqəsi tamaşaçını bu düşüncədən uzaqlaşdırır. Diqqətlə baxdıqda, əgər bu fiqurlar tək bir insanın fərqli ruhi vəziyyətlərini təsvir etmirsə, onda daha çox həmrəyliyi ifadə edirlər. Bir-birlərinə söykənmiş, incə bir şəkildə dayanmış başları bunu açıq şəkildə göstərir.
Ümumiləşdirsək, bu əsər bizə, istər tək bir insanın fərqli ruhi halları, istərsə də ayrılıqda fərdi fiqurlar kimi, bütün sosial simvollardan arınmış bir formada insanın varlığını izah edir. Qadın ya da kişi, qızıl bəzəklər içində və ya kəfənə bürünmüş…