Başkalarının aşkıyla başlıyor hayatımız
Yaprakla yağmurun aşkı mesela
Başkalarının aşkıyla başlıyor hayatımız
Bakıp başkasının başkayla kurduğu bağlantıya
Aşka dair diyoruz ilk anı bu olmalı.
.........................................................
İsmet Özel
İnsan hər şeyi təqlid əsasında öyrənən bir varlıqdır. Aristoteles insanı digər canlılardan bu xüsusiyyəti ilə fərqləndirmişdi. İnsan təqlid edə bilən, başqalarını kopyalaya bilən bir varlıqdır. Bu şəkildə insanlar arasına qarışır, onları öyənir və onlardan biri olur. Dili, davranışları, yaşamayı və ölməyi ancaq başqalarından öyrənir. Duyğularını, reaksiyalarını və digər şeylərin hamısını, özünəxas olduğunu düşündüyü nə varsa hamısını başqalarını təqlid edərək öyrənmişdir. Bu aristoteles`də mimesis olaraq adlanır. Daha sonra rene girard bu adla mimetik arzu nəzəriyyəsi formalaşdırdı. Bu nəzəriyyəni psixologiyadan atropologiyaya, etnoqrafiyadan ədəbiyyat tənqidinə qədər bütün mətnlərə və kültürəl formlara tətbiq edir. Mensonge romantique et vérité romanesque (Romantik yalan ve romansal hakikat) kitabında eşq münasibətlərini müəyyən romanlar üzərindən məhz bu nəzəriyyə ilə oxuyur. Burada təqlid önəmli bir açarsözdür. Bununla yanaşı təqlidin və bu nəzəriyyənin, insan münasibətlərinin anlaşılması üçün bir açarsözə ya da hadisəyə ehtiyac vardır. Bu da başqa`dır. Başqa olmadan insan olmanın, təqlidin heç bir mahiyyəti yoxdur. İnsan sadəcə başqalarını təqlid edərək var ola bilən bir varlıqdır. Kültür dünyası təbiətin təqlidi əsasında formalaşmışdır. İnsanlar başqalarını izləyərək, əslində, təqlid edərək insan olmanın formalarını, dünyada var-olma şəkillərini və insan olmanın gərəkliliklərini öyrənir. Təbii meyillərini başqalarını təqlid edərək kültürləşdirir, yəni, yadlaşdırır.
Eşqin saf bir duyğu olduğu, insanın ən təbii halı olduğu iddiası da kültürəldir. İnsanın təbiətinə aid bilgilərinin və iddialarının qaynağı kültürdür. Eşq insanlar arasında ülviləşdirilmiş, insan münasibətlərində ən dəyərli duyğu durumu halına çevrilmiş olan hisslərdən ən məşhurudur. İnsanlar aşiq olduqlarını, bunun sırf özlərindən qaynaqlandığını düşünürlər. Bunun da təqlid mexanizminin, başqaları ilə olan mimetik arzu münasibətinin bir nəticəsi olduğunun fərqində deyillər. Başqası olmadan aşiq oluna biləcəyini düşünmələri insanın yadlığının xəbərçisidir. Burada başqa məsələsinə yeni bir prizmanı bəxş edən digər bir nəzəriyyədən bəhs etmək yerinə düşərdi. Bu baxış, Hegel`in əfəndi-kölə dialektikası fonunda inkişaf etdirilmiş bir Başqası nəzəriyyəsidir. Bu nəzəriyyə fransız psixoanalist Jacques Lacan tərəfindən inkişaf etdirilmişdir. Eşq haqqında Lacan çox iddialı olan bu ifadəni istifadə edir: Eşq, sizdə olmayan bir şeyi, sizdən istəməyən birinə verməyə çalışmaq deməkdir. Lacan nəzəriyyəsində uşağın formalaşmasında ən əhəmiyyətli mərhələlərdən bir olan ayna mərhələsi`ndə ilk olaraq bunu öyrəndiriyi vurğulanır. Başqaları ilə olan münasibətdə uşaq özünü görür və bu başqası əsasında formalaşır. Mimetik arzu burada da işləyir.
Eşq, əvvəllər insanlara acı verən, onları ölümə aparan, gerçəkləşməyən bir arzu olaraq görünürdü. Çünki, bütün klassik və kanon mətnlər eşqi bu şəkildə ələ almışlardır. Mitlər, əfsanələr, nağıllar və yazarlı bütün mətnlərdə eşq acıyla, işkəncəylə birlikdə yaşanılan bir duyğu durumu və münasibət idi. Mimetik arzuyla birlikdə eşq hər zaman üç nəfərlik bir duyğu olmuşdur. Mimetik arzu sadəcə eşq münasibətlərində deyil, Girard`ın genişləndirməsiylə birlikdə, bütün insan münasibətlərində özünü göstərir. Belə ki, arzulayan öznə arzuladığı nəsnəni sırf o olduğu üçün deyil, rəqib arzuladığı üçün arzulayır. Yəni, burada duyğu durumu sırf arzulayan subyektdən və arzulanan nəsnədən qaynaqlanmır. Bu münasibətin başlaması üçün subkeytlər arasında rəqabət olması gərəkir. Ki, arzulayan subyekt qısqandığı subyektin arzuladığı nəsnəni arzulayaraq onun arzusunu kopyalayır. Məhz bu, mimetik arzu`dur.
Eşqin davamlı olaraq üzüntü, qısqanclıq, histeri krizləri, ölümə aparan uzaqlıqlar gətirdiyini böyük yazarların mətnlərində görmək mümkündür. Anna Karenina, İdiot, Karamazov Qardaşlar, Vadidəki Zanbaq, Daisy Miller kimi mətnlərdə bunu bariz bir şəkildə görürük. Bu mətnlər insan olma-hallarını müxtəlif yönləri ilə və dərinləməsinə analiz edir və bunu ifadə edirdilər. İnsan və eşq haqqındakı fikirlər onlar tərəfindən istehsal edilirdi. İnsanın duyğu durumları bu yazarlar tərəfindən psixoloqlara ehtiyac duymayacaq şəkildə analiz edilirdi. Eşqin bu şəkildə yaşanması və ifadə edilməsi də problem doğurmurdu. Eşq, kirlə, acıyla birlikdə yaşanırdı.
Bu duyğu durumunda, eşqin dərk edilməsində, yaşanmasında böyük dəyişikliklər baş verdi. Belə ki, insanlar acısız, qısqanclığın ölümə səbəb olmayacaq dərəcədə az olduğu, sterilizə edilmiş, şəffaflaşdırılmış, üçüncü şəxslərdən arındırılmış, dərinliyi olmayan bir duyğuya daha doğrusu sadəcə münasibətə çevrilmişdir. Xoşbəxtlik deyilən şeyin mütləq bir şəkildə gələcəkdə olduğuna inanılması ilə birlikdə, müəyyən çətinliklərdən sonra əldə olunması lazım olan bir uğur olması gərəkdiyi yönündə bir fikir ortaya çıxdı. Eşq bütün bunların mənbəyində olması gərəkir deyə düşünülür. Acı, ayırlıq, kirin olduğu yerlərə və duyğu durumlarına artıq insan etibar etmir. Tamamilə hamar, heç bir çıxıntısı olmayan, bütün yönləri ilə praqnozlaşdırıla bilən bir duyğu olaraq görünür eşq. İnsanlar onları yaralayacaq bütün münasibətlərdən, var-olma şəkillərindən mümkün olduğu qədər uzaq durmağa çalışırlar. Öz həyatlarında bunu istəmədikləri kimi, buna şahid olmaq, bunu oxumaq, izləmək də istəmirlər. Bunun insan olma halına, eşqin gerçək təbiətinə zidd olduğunu iddia edirlər. Eşq, insana hər zaman xoşbəxtlik verən bir şey olaraq düşünülür. Buna görə də artıq kültür və iqtidar bütün mexanizmləri ilə şəffaf və yarığı olmayan, acısız bir eşq yaratdılar. Bəlkə də onları bunu yaratdığı üçün insanlar bunu gerçək hesab edirlər artıq.
Eşq, sterilizə edilib, bütün viruslarından təmizlənib, toksiklikdən arındırılıb artıq. Əslində, bütün digər insan duyğuları və münasibətləri də belədir. Kimsə, uçurumuna doğru getdiyinin, rasional olmaqdan uzaq bir varlıq olduğunun, hansı tərəfə qulaq qabardıbsa, digərinə qarşı kar olduğunun fərqinə varmaq istəmir. Həyatlarını hər zaman düz bir xəttə, çox zaman duyğu halları dəyişmədən, bütün hallarına görə başqalarına hesab verərək yaşamağı seçirlər.
Eşqin, partizanlıqdan, şerdən və siyasətdən uzaq olduğunu düşünənlər də hər günlərini yanılaraq keçirirlər. Eşqin gerçək təbiəti, reallığı inkar, bütün quruluşları dağıtmağa meyilli olmasıdır. Heç bir şəkildə hazır nizama uymur, onu deconsturucte etmək üçün çalışır. Aşiqi də, məşuqu da dəyişdirir. Ondan başqa bir şey düşünürsə, qınayanların qınağına boyun əyirsə, hansısa bir rütbə və statusa görə güzəştə gedirsə, onun duyğusu bütün bədənini ələ keçirməmişdir. Oxuduqlarımdan anladığım, eşq mütləq şəkildə öldürməlidir. Gördüklərimdən anladığım, insanlar heç bir şəkildə yaralanmaq, bədənlərində nəyinsə izini daşımaq istəmirlər. Dolayısıyla eşqin yıxıcılığını tam olaraq mənimsəyə bilmir, daha çox eşq adlandırdıqları duyğu durumunun şəffaflığına və sterilizə edilmişliyinə sığınırlar.
Hər kəs Karenina kimi aşiq olmaq istəyir. Ancaq kimsə, onun kimi yaralanmaq, və ölümlə eşqini əbədiləşdirmək istəmir. Hamı, bütün insan münasibətlərindən sağ çıxmaq arzusundadır. Buna görə eşqi partizanlıqla eyniləşdirməyi seçdik. İkisi də qatı inanc tələb etdiyi kimi, hazır nizamı dağıtmaq üçün çalışır. Öz duyğusunun xaricində diqqətə aldığı bir şey yoxdur. Arzuladığı nəsnə belə olunun üçün ikinci dərəcəlidir. Karenina eşqi üçün oğlunu, Verinsky`dən olan qızını və Verinsky`lə ömür boyu xoşbəxt olmağı deyil, onu ilk gördüyü yerdə intihar etməyi seçdi.
nsan həyatı daim başqaları ilə münasibətlər üzərində quruludur. Sosiallaşma tam olaraq insanın digər insanları izləyərək onlar kimi olma prosesidir. Bu, insanın bütün mədəni fəaliyyətinin əsasını təşkil edir. İnsan təqlid edir, başqalarını nümunə götürür və sosiallaşma prosesini tamamlayır. Dil öyrənməklə ictimai həyata qatılır və cəmiyyətdə ona ayrılmış yeri tutur. Dil insan həyatının əsas müəyyənedicisidir. Dil vasitəsilə insan ictimailəşməyi, təbii dürtülərini mədəni formaya salmağı öyrənir. Eşq də bu proseslərdən biridir. Cinsəllik təbii bir instinkt kimi həm heyvanlarda, həm də insanlarda mövcuddur. Yalnız insanın cinsəlliyi mədəni bir ölçü qazana bilir. Bu da erotizmdir. Eşq də erotizm kimi mədəni bir anlayışdır. Öyrənilən və təqlid edilən bir davranış modelidir.
Eşqin öyrənilmiş olması insanın mimetik (təqlidçi) bir varlıq olmasından qaynaqlanır. Bütün mədəni davranışlar başqalarını təqlid etməklə əldə edildiyi üçün sonrakı zamanlarda da başqasını nəzərə alma məcburiyyəti yaranır. Dilin və mimetizmin mövcudluğu və əhatəliliyi olmadan nə məhəbbət, nə də erotizmin varlığını təsəvvür etmək olar. Dil kimi, cinsəlliyin erotizmə çevrilməsi kimi, eşq də mədəni və öyrənilən bir duyğu halıdır.
Bununla yanaşı, eşqin ölümcül yönü modern dövrdə daim inkar edilir. Bu da modern dünyanın insanın rasional bir varlıq olduğu iddiası üzərində qurulması ilə bağlıdır. Heç bir sahədə insanın rasionallıqdan kənar davranması gözlənilmir. Partizanlıq, güc mərkəzlərinə qarşı müqavimət, ölümcül eşq kimi hakimiyyət əleyhinə duyğu və hərəkətlər inkar edilir. Eyni zamanda modern dünyada rasional olmayan duyğu və davranışlar cəzalandırılır və ya üstü örtülərək cəmiyyətdən kənara atılır.
İnsan həyatının mimetizm üzərində qurulduğu görünür. Eşq də bu mimetik mexanizm sayəsində mövcuddur. Bununla belə, modern dünyada mimetik düzəndə böhran yaşandığı üçün eşq də bu krizisdən təsirlənir. Qurban mexanizminin olmaması, insanların qandan uzaqlaşması və ölümü xatırladan şeylərin insan həyatında həlledici yer tutmaması səbəbindən mimetik rəqabət də böhran içindədir.
Sterilizə olunmuş, çirkdən təmizlənmiş və saflıq mərkəzli modern insan həyatı eşqi də standartlaşdırır. Bu səbəbdən insanlar özlərini və duyğularını tanıya bilmir və həyatı birtərəfli yaşayırlar. Bunun nəticəsində həyatın mənası olan ölüm və eşq arasındakı əlaqə qopur. Bu qopuş nəticəsində isə ictimai böhranlar meydana gəlir. Mimetik rəqabət mexanizminin pozulması səbəbilə insanlararası münasibətlər təməlsiz və yeni formalara keçir. Bu da səbəbsiz şiddətin cəmiyyətdə yayılmasına və ailədaxili böhranlara səbəb olur.
Ədəbiyyatda və digər sənət növlərində artıq məhəbbətin qədim nümunələri təqdim ediləndə insanların zorakılığa təşviq edildiyi düşünülür. Bu səbəblə tənqid olunur və şiddətin mənbəyi kimi bu mətnlər göstərilir. Halbuki, səbəbsiz şiddət mimetik rəqabət sisteminin pozulması ilə əlaqəlidir. Beləliklə, insanları yaralayan, həyatdan soyudan, depressiyaya salan münasibətlər eşq kimi qəbul edilmir. Əksinə, daim bu cür münasibətlərin pis və qeyri-insani olduğu söylənilən bir mühitdə insanlar bundan uzaq dururlar. Münasibət məsləhətçiləri və psixoloqların tövsiyələri də onları eşqin yaralayıcı və öldürücü olmadığına inandırır. Bu şəkildə eşqsiz bir dünya qurulmağa çalışılır.