Elə insanlar var ki, eşq haqqında heç bir şey eşitməsəydilər, əsla aşiq olmazdılar.
La Rochefoucauld
Seks ailədən qopmaq deməkdirsə, eşq də qayıtmaqdır; hər zaman bir qayıdış səfəri üçün alınan təktərəfli bir biletdir. Şəxsi münasibətlər sahəsində baş verən bu möcüzə, psixoanaliz baxımından, ilk duyğusal təsirlənmələrin nəticəsidir. Bütün zehni əhatə edib təsiri altına alan bu durum, keçmişin əsrarəngiz işarələridir. Yaşanılan bu yeni təcrübə – belə dönüşdürücü təcrübələri mümkün qılan – uşaqlığa dair bilgi və arzuları əhatə edir. Aşiq olduğumuzda, aşiq olmağı xatırlayırıq. Özümüzlə bağlı bu ilk hafizə biçimlərini yenidən əldə etməklə də təxəyyül qabiliyyətimizi inkişaf etdiririk.
Lakin əgər aşiq olmaq hər zaman bir xatırladıcıdırsa, Freud`a görə bir imkansızlığı xatırladır. “Uşaqlıqda eşq sərhəd bilməz” deyə yazır Freud, “təkcə özü sahib olmağı tələb edir, ‘hamısı’ndan daha azı ilə yetinməz. Ancaq ikinci bir xüsusiyyəti də vardır: Əslində bir hədəfi yoxdur və tam bir doyum əldə edə bilməz; əsasən də sırf buna görə hər zaman məyus olmağa məhkumdur.” Doyumsuzluğa, sonsuz bir məhrumiyyətə dair bu hekayə artıq bizi təəccübə – və dəhşətə – düşürür; modern bir ülviləşdirmədir eşq və Lacques Lacan`ın parodi səviyyəsindəki ifadəsi ilə sahib olmadığımız bir şey var olmayan birinə verməkdir. Halbuki burada Freud`un uşaqla bağlı təsviri onun şəxsi Faust yorumudur: Goethe`nin yenidən yaratdığı bu qəhrəman Freud`un ana dilində “dahi”liyin simvoludur və bu əfsanəvi şəxsə görə, bilgi ilə arzu eyni mənalıdır; bu ikisinin eyniləşdirilməsindən, iki arasındakı razılaşmadan sadəcə ölüm hasil olar. Lakin əsas olaraq Platon`un yaratdığı bu qarışım, yəni – sanki eşq və bilgi bir tərəziyə gələ bilən məşğuliyyətlərmiş kimi – sevən ilə bilənin bir-birinə qarışdırılması hər ikisinin də önünə imkansız işlər çıxarar. Demək olar ki hər ikisi də bu ikisindən birini həyata keçirə bilmək üçün ikisini birdən gerçəkləşdirmək məcburiyyətindədir. Bu hekayədə məhrəmlik, müstəsna (ya da qibtə ediləcək) bir bilgidir. Məşhur formulasiyasında, psixoanalist Lacan deyir: bilməsi gözlənilən tərəfdir; ardınca dediyi təsəvvür ediləcəyi kimi, sevməsi lazım olan tərəf deyildir. Bilmənin sevməkdən əvvəl gəldiyi və ya onu ehtiva etdiyi qəbul edilir (Sonralar Lacan belə deyəcəkdir: “Mənim bildiyimi gözlədikləri şey, sevdiyim şeydir.” Bu yenə də fərqli bir şeydir.) Sevmək, istəmək şəklində tərif edildikdə, istəyəcək bir şey tapmalıyıq və bu da bilginin mənbəyi olması gözlənilən şeydir. Bəzi filosoflar, psixoanalistlər və şairlərin mənimsədiyi adətə görə, aşiq olmaq bir növ dəlilikdir, çünki (buna başqa səbəblər də sadalanmışdır) qətilik və şübhəçilik arasındakı hər cür fərqi təmiri imkansız bir şəkildə ironikləşdirir.
“Transfer”, “basdırma”, “fetişizm”, “narsisizm”, “dişilik müəmması”: psixoanalizin bütün bu açar qavramları, psixoanalizdə eşqin bir bilgi problemi olduğunu təsdiqləyir. Aşiq insan xəfiyyə kimidir: Mənalı bir fərqlilik yaradacaq bir şey tapmaq üçün çalışır. Psixoanalizin eşq haqqında anlatdığı hekayələr də müdrikliyin əldə edilməsi xüsusunda, birbaşa irəliləyən ənənəvi təhkiyəni təsdiqləyir (müdriklik, hər zaman erotizmin ziddi olan bir şeydir). Əvvəldə icad etmək xüsusunda aşiqlər çox məhsuldardır, bir-biriləri haqqında (keçmiçdən əldə edilən) valehedici yanılsamalar yaradarlar hər zaman və həqiqətlə üzləşdikcə bu xəyallar pozular. Eşq adlanan dəlilik, belə demək uyğundursa, qurumsal və prinsipial olan qarşısında (ya da xaricində) bir duruşdan başlayıb qəti fikirlərin qayalarına mindirməklə başa çatan bir səfərdir. Başqa sözlə psixoanaliz, aşiq olmağın, birini tanımaq üçün ideal bir yol olmadığı fikrini qəbul edir (əksi isə deyək ki, tamamilə başqa bir şəkildə, sonrakı hadisələrlə zədələnməyəcək şəkildə düşünməkdir). Onun yerinə, psixoanaliz bizə məyusluğun romansını təqdim edir; buna görə (bəzən lazımlı ola bilən) aşiq olma, daha yaxşı ama getdikcə silinən – silindikcə daha yaxşı olan – bir şeyin başlanğıc fəslidir; məsələn özünü və qarşındakını daha həqiqi biçimdə tanıyıb təqdir etməyin (estetikadan heç vaxt güzəştə getməyənlərin buna verəcəyi cavab belə ola bilər: Madam bu “həqiqi”dir onda başqa bir şey icad edək). Bu təmkinli hekayədə “ideallaşdırmanın” fasiləsiz axını – ki bu psixoanalizdə əksəriyyətlə alçaldıcı formada istifadə edilir və hər zaman zarafata vurular – iki tərəf arasında gedib gələn fasiləli bir irəliləmə ilə əvəzlənər. Məyusluq və əngəllənmişlik, reallığı əhatə edən haləni formalaşdırar. Ancaq psixoanalizin ortaya çıxartdığı bu məyusluqları yuvasında, bu qeyri-müəyyənlik bölgəsində, insanlar bilgilərindən dolayı acı çəkməzlər; özlərini və/və ya başqasını yenidən icad etmələrini təmin edən o acımasız qabiliyyəti itirdikləri üçün acı çəkərlər. Bu yerdə artıq əldə etdikləri həqiqət deyildir; yeni versiyalar ürətmə/versiyalara bürünmə qabiliyyətlərini itirmişdirlər.
İnsanları tanımağın – ya da insanlar haqqında əldə edilən müəyyən bilgilərin – erotizmin qarşısında yerləşdiyi, bəlli tanıma formalarının arxasındakı şüursuz məqsədin arzunu öldürmək olduğunu nəticəsininin çıxarıla biləcəyi ifadələrə Freud ilə Proust, bir-birilərini tamamlayıcı şəkildə diqqət yetirmişdirlər. Məsələ sadəcə əsrarəngiz olmağın ya da qısqanclığın arzunu canlı tutması deyildir; insanları müəyyən biçimlərdə tanıdığımızda, bizə qarşı hiss etdikləri marağı itirə bilərik və zatən əsl arzuları da bu ola bilər. Deməli insanların, onları tanımağımız üçün özlərini hansı şəkildə açdıqları – yaxud özlərini hansı formada tanımağımıza icazə verdikləri – xüsusunda ayıq olmalıyıq; tanımağın, səflərin olduqca müəyyənləşdiyi, olduqca ehtiyatlı və idarəli bir sevmə modeli olduğunu da unutmamalıyıq.
İşarələri və möcüzələri oxuma xüsusunda aşiqlər, dəlisov bir epistemoloq kimi məşhurlaşmışdırlar və bu baxımdan ancaq paranoyaklar (bir də psixoanalistlər) onları qabaqlaya bilər. Bəs hədəf, yaxud nəticə, özlərini ya da başqa birini, bir başqası olaraq özünü tanıma olmadığı zaman, aşiq olmaq nəyə bənzəyəcəkdir? Bir-birimizi tanımaqla məşğul olmasaq, bir yerə gəldiyimizdə nə edəcəkdik? Bunu ifadə etmənin başqa bir yolu (cavablandırıla bilən) sualların olmadığı bir görüş ya da bir münasibət təsəvvür etməkdir.
Anlaşıldığı üzərə sevilən ya da arzu edilən, biganə qala bilmədiyimiz şəxsdir. Ancaq eşq dillərimiz teoloji və epistemolojinin qarışığı olduğuna görə dayanmadan qurtarma və aydınlatma dərdindədirlər. “Birini tanıdığımı necə bilərəm?” sualı, “Birini sevdiyimi ya da arzuladığımı necə bilərəm?” sualından fərqlidir. Elə insanlar vardır ki, tanımaq haqqında heç bir şey eşitməsəydilər, əsla tanımağa səy göstərməzdilər.
Müəllif: Adam Phillips
Tərcümə: Daşdəmir Mahmandarov